2018-ci il hesabatı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2018-ci ilin 31 dekabr tarixinədək kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 46 rayonunda aqrar sektorda çalışan 169 sahibkara 10983.5 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Bunlardan 2775.0 min manatı pambıqçılıq, 4751.0 min manatı heyvandarlıq, 1840.0 min manatı istixana, 815.0 min manatı bağçılıq, 115.0 min manatı əkinçilik, 45.0 min manatı tütün emalı, 7.5 min manatı texnikanın alınması, 60.0 min manatı quşçuluq, 250.0 min manatı kənd təsərrüfatı məhsullarının istehsalı, 20.0 min manatı balıqçılıq, 55.0 min manatı arıçılıq, 70.0 min manatı meliorasiya, 20.0 min manatı toxum və gübrənin alınması, 160.0 min manatı soyuducu anbarın quraşdırılması sahələrinə ayrılmışdır. Güzəştli kreditlərin verilməsi nəticəsində 497 daimi və müvəqqəti iş yeri açılmışdır.
Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikro-layihəsi çərçivəsində əvvəlki illərdə fermerlərə güzəştli şərtlərlə paylanılmış ətlik-südlük istiqamətli simmental cinsli iribuynuzlu heyvanların 2018-ci il ərzində 3-cü nəsil artımı baş tutmuşdur. Belə ki, Bərdə rayonu üzrə paylanılmış heyvanlardan 13, Ağcabədi rayonu üzrə 5, İmişli rayonu üzrə 25 baş sağlam buzov əldə olunmuşdur. Bundan əlavə, hesabat dövrü ərzində Ağcabədi rayonunda 70 000 litr, Bərdə rayonunda 110 000 litr, İmişli rayonunda isə 145 000 litr olmaqla, ümumilikdə 325 000 litr süd istehsal edilmişdir.
Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” (KTRQGL) tərəfindən bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi məqsədilə kartof, qarğıdalı və meyvə bağlarında zərərverici orqanizmlərə qarşı kompleks (inteqrir) mübarizə tədbirləri mövzusunda seçilmiş milli məsləhətçilər tərəfindən 30 təlim və nümayiş tarlalarına baxış keçirilmişdir. Təlimlərə 916 fermer, habelə aidiyyəti üzrə elmi tədqiqat institutlarının mütəxəssisləri cəlb olunmuşdur. Pambıq bitkisində  zərərverici orqanizmlərə qarşı kompleks (inteqrir) mübarizə tədbirlərinə həsr olunmuş təlimlərin keçirilməsi üçün mütəxəssisin cəlb olunması, pambıq bitkisinin becərilməsi üçün texnoloji xəritə və təlim modulunun hazırlanması, habələ nümayiş tarlasının seçilməsi kimi işlər həyata keçirilmişdir.
Dövlət Fitosanitar Xidmətinin müfəttişləri, digər elmi-tədqiqat institutlarının mütəxəssisləri, həmçinin alimlər və tələbələr arasında geniş istifadə olunacaq “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərverici orqanizmlər”ə dair atlas hazırlanmış və nəşr olunmuşdur.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bitki mühafizəsi üzrə tədris proqramının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə Layihə tərəfindən cəlb olunmuş beynəlxalq məsləhətçinin iştirakı ilə bitki sağlamlığı sahəsində bakalavr, magistr və alimlik dərəcələri üzrə kurrikulum proqramları Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti ilə birgə müzakirə edilərək hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 sentyabr 2018-ci il tarixli F-601 müvafiq əmri ilə təsdiq edilmişdir. Beləliklə, 2018-2019-cu tədris ilində qeyd olunan ixtisas üzrə 30 tələbə qəbul olmuşdur. İxtisas üzrə bütün tələbələr dövlət sifarişi əsasında təhsil alır və dövlət büdcəsindən təqaüd alırlar.
            Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun bioloji və zəhər qalıqlarının təyini və alaqlarla mübarizə laboratoriyaları üçün avadanlıqların satınalması yekunlaşmışdır.
Heyvan sağlamlığı və baytarlıq xidmətləri istiqamətində iri və xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində nəzərdə tutulmuş həcmdə peyvənd tədarük edilmiş və ölkəni əhatə edən peyvəndləmə kampaniyası aparılaraq 2018-ci il ərzində 401435 baş iribuynuzlu və 1477350 baş xırdabuynuzlu heyvan peyvənd edilmişdir.
İnsanlar arasında brusellyoz xəstəliyinin yayılma səviyyəsini (privalentliyini) müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə sero-sorğular həyata keçirilərək 38 rayon mərkəzi, 190 kənd, 4 şəhər və paytaxt Bakı şəhəri cəlb edilməklə 12590 insandan qan nümunələri toplanılmışdır. Toplanılmış qan nümunələri ELİZA testləri ilə yoxlanılmış və nəticə etibarı ilə yoxlanılan insanların 4.3%-də brusellyoz xəstəliyi aşkarlanmışdır.
Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinə göstərilən texniki yardımın tərkib hissəsi olaraq beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə beynəlxalq təcrübəli baytar həkim 2018-ci ilin fevral - may aylarında adıçəkilən fakültəyə dəvət olunmuş və fəaliyyət göstərmişdir. Cəlb olunmuş beynəlxalq təcrübəli baytar həkim 3 ay müddətində müasir standartlara uyğun tələbə və müəllim heyətinə praktiki məşğələlər keçmiş, tədris proqramı üçün yeni təqdimatlar hazırlamışdır. Yekunda tələbə-müəllim heyətinin və Gəncə şəhərinin ətrafında yerləşən rayonların baytarlıq mütəxəssislərinin iştirakı ilə seminar keçirilmişdir.
Azərbaycan Dövlət Aqrar Universitetininin (ADAU) zoomühəndislik və baytarlıq təbabəti fakültəsinin sonuncu kurs tələbələrinin gələcəkdə ixtisas seçiminə köməklik məqsədi ilə Layihə tərəfindən onların Bakı şəhərinə səfəri təşkil edilmiş və səfər zamanı tələbələr Dövlət Baytarlıq Nəzarəti Xidmətinın, Respublika Baytarlıq Laboratoriyasının, Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun laboratoriyasının, Heyvanların Qayğı Mərkəzi və bazarlarda yerləşən baytarlıq ekspertiza laboratoriyalarının fəaliyyətləri ilə yaxından tanış olmuşlar.
Heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərinin əyani şəkildə həyata keçirilməsi məqsədi ilə ADAU nəzdində 20 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması üçün 2017-ci ildə yaradılmış eksperimental ferma 2018-ci ildə Layihə tərəfindən cəlb olunmuş beynəlxalq təcrübəli beynəlxalq həkimin tövsiyəsinə əsasən genişləndirilmişdir. Belə ki, 30 baş yeni doğulmuş danaların rifahının yaxşılaşdırılması məqsədi ilə əlavə nümunəvi təsərrüfatın (fermanın) tikintisi yekunlaşmış, nəzərdə tutulmuş avadanlıq və ləvazimatların satınalması işlərinə başlanılmışdır.
Özəl baytarlıq xidmətinin yaradılması məqsədi ilə fəayyətlərin icrasına başlanılmışdır. Belə ki, 6 seçilmiş pilot rayonun (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) 194 nəfər sahə baytarlıq məntəqə işçilərinə təlimlər keçirilmişdir. Təlimlərə həmçinin rayonların 12 nəfər baytarlıq idarələrinin müdir və mühasibi cəlb olunmuşlar. Özəlləşməylə əlaqədar olaraq sahə baytarlıq məntəqələrində çalışan baytar həkimlərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün sənədləşmə işləri (VÖİN və bank hesablarının açılmasına) aparılmışdır. Habelə 2019-cu ilin 1-ci rübü ərzində baytar həkimlərə müvafiq sərfiyyat avadanlıqları və ləvazimatların alınması kimi dəstəyin göstərilməsi nəzərdə tutulmuşdur.
01 may 2018-ci il tarixində Layihənin dəstəyi ilə “Sağlam qida ilə sağlam gələcəyə” adlı 1-ci Bakı beynəlxalq qida təhlükəsizliyi konfransı keçirilmişdir. Tədbirdə qida təhlükəsizliyi sahəsinin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri, habelə əhalinin sağlam qida ilə təmin edilməsindəki aktual problemlər yerli və beynəlxalq təşkilatların, assosiasiyaların, özəl şirkətlərin, habelə dövlət nümayəndələrinin iştirakı ilə müzakirə edilmişdir.
Layihənin innovativ fəaliyyətlərindən olan aqrobiznes dəyər zəncirlərinin yaradılması istiqamətində “Samux rayonunda quru meyvə istehsalı dəyər zənciri” sub-layihəsinin icrası davam etdirilmişdir. Belə ki, sub-layihə koordinatoru, 1 beynəlxalq və 2 yerli mütəxəssis (aqronom) işə cəlb olunmuş, meyvə qurudulması avadanlığının satınalınması ilə bağlı işlər həyata keçirilmişdir. Aparılmış müasir becərmə tədbirləri nəticəsində sub-layihədə iştirak edən 9 fermerin istehsal etdiyi “sultani” üzüm sortunda, ilkin vəziyyətlə müqayisədə 38% məhsul artımı, 40% isə satış artımı müşahidə edilmişdir.
 “Şəmkir rayonunda tərəvəz şitili istehsalı və ixrac üçün müasir qablaşdırma xəttinin qurulması” dəyər zənciri sub-layihəsi, “Samux rayonunda tərəvəz toxumunun istehsalı, emalı və satış üçün qablaşdırılması” dəyər zənciri sub-layihəsi, “Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı” sub-layihəsi, “Xaçmaz rayonunda müasir üsulla bal istehsalı və emalı” sub-layihəsi, “Quba rayonunda innovativ texnologiyaların tətbiqi ilə meyvə ağacı tinglərinin istehsalı” sub-layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən qeydiyyata alınmış və müqavilələr üzrə fəaliyyətlərin icrasına başlanılmışdır.
Həmçinin, “Cəlilabad rayonunda çiyələyin müasir üsullarla istehsalı və emalı”, “Qəbələ rayonunda fındığın müasir üsullarla emalı və qablaşdırılması“ dəyər zənciri sub-layihələri Dünya Bankı tərəfindən təsdiq edilmişdir.
Ümumilikdə, layihə çərçivəsində bu növ 20 sub-layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Əkinçilik Elmi Tədqiqat İnstitutunun 4 Bölgə Təcrübə Stansiyası üçün (Cəlilabad, Şəki, Zaqatala və Tərtər) alınmış toxum təmizləyən avadanlıq xətlərinin funksionallığını təmin etmək məqsədi ilə yerüstü  bunker və stabilizatorlar alınmışdır. Həmçinin, Əkinçilik Elmi Tədqiqat İnstitutuna aid Dənin Keyfiyyəti Laboratoriyasının iş keyfiyyətinin artırılması məqsədi ilə dənin keyfiyyətini ölçən avadanlıq üçün əlavə modulların satınalınması işləri yekunlaşmışdır.
Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşən “İkinci Kənd İnvestisiya layihəsiƏlavə Maliyyələşmə dövrü üzrə (AzKİL-2) 2018-ci il ərzində Şimal-Qərb, Şimal, Qarabağ, Muğan-Salyan və Naxçıvan zonalarında 23 icma layihəsinin icrası başa çatmışdır. Onlardan 3 drenaj kanalının təmizlənməsi, 7 kənddaxili yolların təmiri, 1 inkubator müəssisəsinin təşkili, 1 südtoplama məntəqəsinin təşkili, 7 içməli su sisteminin bərpası, 2 icmada abadlıq işləri, 1 suvarma sisteminin bərpası və 1 istilikxananın quraşdırılması layihəsidir.
AzKİL-2 kənd qadınlarının iqtisadi səlahiyyətlənməsini gücləndirmək üçün innovativ pilot fəaliyyət işləyib hazırlamışdır. Layihədə Qadınların İqtisadi Səlahiyyətlənməsi Komponenti 2018-ci ilin mart ayından pilot kimi fəaliyyətə başlamış ümumilikdə 7 rayonda (Masallı, Ağdam, Lənkəran, İsmayıllı, Bərdə, Ağcabədi və Balakən) 151 qadından ibarət 12 Qadın İnkişaf Qrupu yaradılmasına nail olunmuşdur.
Qadın İnkişaf Qrupları tərəfindən yaradılmış bizneslərə dəstək vermək üçün Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarından olan gənclərin böyük bir qrupu İcma Biznes Təbliğatçıları olmaq üçün ilkin biznesin inkişafı və idarə edilməsi proqramı üzrə 2018-ci ilin sentyabr ayında 12 günlük təlim almışlar. Onlar AzKİL əməkdaşları ilə yanaşı beş rayonda biznes inkubatorları yaradacaqlar ki, bunlar da Qadın İnkişaf Qruplarına kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi xidmətləri göstərəcək. Onlar qadın qruplarına gəlir gətirə bilən təkliflər hazırlamaqda və onları maliyyə mənbələri və bazarlara çıxış eldə etmələri üçün köməklik göstərəcək.
Fəaliyyətə yeni başlamış Qadın İnkişaf Qrupları qısa zaman ərzində öz daxili resursları hesabına və bələdiyyələrdən yer almaqla kollektiv müəssisələr yaratmış və onları uğurla idarə etməkdədirlər. Belə ki, hal-hazırda 2 qadın qrupu Şirniyyat evi və Kafe biznesinə, 1 qadın qrupu xalça toxuculuğu və şirniyyat istehsalı/satışı biznesinə, 2 qadın qrupu tikiş atelyesi biznesinə, 2 qadın qrupu isə təndir və çörəkbişirmə biznesinə başlayıblar.
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) və İslam İnkişaf Bankının krediti hesabına maliyyələşən “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” (KYKİL) çərçivəsində 2018-ci ildə layihə ərazilərindəki təsərrüfatdaxili suvarma sistemləri üzrə təmir bərpa işlərini icra edən podratçı təşkilat tərəfindən 17 SİB ərazisində 303,0 km torpaq məcralı kanallar kol kosdan təmizlənmiş, 118.8 km uzunluqda mövcud və yeni beton üzlüklü kanal çəkilmiş (bərpa edilmiş) və 4,4 km qapalı boru şəbəkəsi quraşdırılmış, 143,6 km uzunluğunda drenaj şəbəkəsi bərpa edilmiş, 981 yeni hidrotexniki qurğu tikilmişdir. Görülmüş işlər nəticəsində 71 kənddə 13644 təsərrüfata məxsus 36 006 ha ərazidə suvarma suyu ilə təhcizat yaxşılaşdırılmışdır.
Layihənin Kənd təsərrüfatının məhsuldarlığı və rentabelliyinin artırılması komponenti çərçivəsində 2018-ci il ərzində layihə rayonlarında (Yevlax, Ağdaş, Şəki, Oğuz) 20 nəfər süni mayalama texniki tərəfindən 82 kənddə 1111 təsərrüfatda 1389 baş iribuynuzlu heyvan arasında süni mayalama aparılmış, əvvəllər aparılmış süni mayalama tədbirləri nəticəsində Yevlax rayonunda 69 baş, Ağdaş rayonunda 249  baş, Şəki rayonunda 291 baş, Oğuz rayonunda 89 baş (ümumilikdə 698 baş) cins buzov əldə olunmuşdur.
Bundan başqa layihənin dağlıq ərazilərini əhatə edən 3 baytar məntəqəsindəki 6 həkim tərəfindən 88 dağlıq kənddə 607 ailə-fermer təsərrüfatında xəstəliklərə qarşı müalicə profilaktika tədbirləri aparılaraq 3976 baş iribuynuzlu, 32269 baş xırdabuynuzlu, 19 baş digər heyvana və 59493 quşa baytarlıq xidmətləri göstərilmişdir.      
Göygöl rayonunda yerləşən Respublika Süni Mayalama Mərkəzinə (RSMM) heyvandarlıq üzrə beynəlxalq məsləhətçi cəlb edilmiş və 2018-ci ildə beynəlxalq məsləhətçinin iştirakı ilə Masallı, Göygöl, Göyçay və Xaçmaz rayonlarında fermerlərin və iri heyvandarlıq kompleksinin nümayəndələrinin iştirakı ilə tanışlıq və təşviqat seminarları keçirilmişdir. Seminarlarda 4 rayon üzrə 533 nəfər (onlardan 35-i qadın olmaqla) fermer, ailə-kəndli təsərrüfat sahibləri, iri heyvandarlıq komplekslərinin nümayəndələri, istehsal və emal müəssisələrinin nümayəndələri, kənd təsərrüfatı idarələrinin mütəxəssisləri, süni mayalama və baytarlıq mütəxəssisləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Seminarlarda iştirakçıların sualları cavablandırılmış, yüksək məhsuldar toxumun alınması, saxlanması, qablaşdırılması, çatdırılması və s. izah edilmiş, içərisində təlim materialları olan 20 çanta təqdim edilmişdir.
Eyni zamanda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) həyətində layihə hesabına alınmış maşın və avadanlıqlar nümayiş etdirilmiş, avadanlıqlarla təchiz edilmiş mobil laboratoriyada (FİAT DUCATO markalı avtomobili) törədici buğalardan alınmış toxumların hərəkətliliyi əyani olaraq mikroskopda nümayiş etdirilmiş və süni mayalama mütəxəssisləri toxumlarla təchiz edilmişdir.
“Bitkiçilikdə məhsuldarlığın və rentabelliyin artırılması” sub-komponenti üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində İnstitut tərəfindən meyvəçiliyə aid ayrı-ayrı mövzularda elmi-praktiki seminarlar, sahə nümayişləri təşkil edilmiş, 128 nəfəri qadın olmaqla 373 nəfər fermer cəlb olunmuşdur. Bundan başqa Quba, Qax, Zaqatala, Balakən, Göyçay və Şəki rayonlarının kəndlərində fermerlərin ehtiyaclarına uyğun olaraq müxtəlif mövzularda 84 təlim keçirilmiş, təlimlərdə 3288 (937 nəfəri qadın olmaqla) fermer iştirak etmişdir.
Gənc kadrların hazırlanması istiqamətində kurslar təşkil olunmuş, təlim-seminarı keçirilmiş, 1 nəfər 3 ay müddətində Almaniyada, 3 nəfər Türkiyədə, 1 nəfər isə İspaniyada təlimdə olmuşlar.
Ümumilikdə İnstitut tərəfindən 2018-ci ildə 39,15 ha meyvə bağları salınmış, 9,0 ha tinglik sahəsi əkilmiş, 20 ha bağ təmir edilmiş, 20 ha sahə yaş dövrünü başa vurmuş ağaclardan təmizlənmiş, 18 ha sahədə müasir damla suvarma sistemi qurulmuş, 62 ha bağda isə budama və digər aqrotexniki tədbirlər görülmüş, 42,3 ha nar bağı bərpa edilmişdir. Bundan başqa inzibati idarə binasının təmiri, ərazinin hasarlanması, təlim mərkəzinin yaradılması, kolleksiya bağının salınması və bu istiqamətdə aqrotexniki becərmə işləri aparılmışdır. Quba, Zaqatala və Göyçay rayonlarının 14 kəndində 1100 respondent arasında sosial sorğu keçirilərək iqtisadi təhlillər aparılmışdır. 2 kitab və 2 buklet çap olunaraq təsərrüfat rəhbərlərinə paylanmışdır.
 
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı (FAO) və
Azərbaycan Respublikası Hökumətinin birgə həyata keçirdiyi layihələr
 
“Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi” layihəsi çərçivəsində 23 aprel 2018-ci il tarixində FAO-nun aparıcı mütəxəssisi və ekoloji ekspertinin Azərbaycanda çəyirtkəkimilərə qarşı mübarizə üçün ekoloji və sağlamlıq monitorinqi üzrə kompleks sistemin işlənib hazırlanması mövzusunda missiya hesabatı aidiyyəti üzrə təqdim edilmişdir.
30 aprel - 5 may 2018-ci il tarixlərində Gəncə rayonunda FAO-nun çəyirtkə üzrə beynəlxalq məsləhətçiləri tərəfindən «Məlumatların Toplanması üçün Avtomatlaşdırılmış Sistem” üzrə kursu daxil olmaqla “Azərbaycanda çəyirtkə monitorinqi və informasiya idarə olunması” adlı 6-günlük Milli Seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin (DFX) Respublika Bitki Mühafizəsi Rayon Mərkəzlərinin rəisləri iştirak etmişlər.
6-8 may 2018-ci il tarixlərində Bakıda FAO-nun çəyirtkə üzrə beynəlxalq məsləhətçisi tərəfindən DFX Respublika Bitki Mühafizəsi Xidmətinin 5 nəfər məsul işçilərinə “Qafqaz və Mərkəzi Asiyada Çəyirtkə İdarəetməsi” mövzusunda ətraflı təlim keçirilmişdir.
Layihə çərçivəsində DFX-ın Respublika Bitki Mühafizəsi Mərkəzinə 6 ədəd GPS (Global Yerləşmə Sistemləri), 1 ədəd kompyuter dəsti və printer, 6 ədəd rəqəmsal fotokamera və müvafiq aksesuarlar alınaraq 10 dekabr 2018-ci il tarixində təhvil verilmişdir.
 “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində Zərərvericilərin diaqnostikası xidməti Milli Fitosanitar Laboratoriyası və Respublika Karantin Ekspertizası Mərkəzinin zəruri avadanlıqların təchizatı və modernləşdirilməsi vasitəsilə gücləndirilmişdir, 12 laboratoriya protokolu və 15 Standart Əməliyyat Prosedurları (SƏP) hazırlanmış və zərərvericilərin diaqnostikası və laboratoriya tədqiqat üsullarının qiymətləndirilməsi üzrə 15 nəfər (3 kişi, 12 qadın) olmaqla laboratoriya heyətinin potensialları artırılmışdır. Zərərvericilərin diaqnostikası müxtəlif tədbirlər vasitəsilə gücləndirilmişdir (təlimlər, təlim səfərləri, dil kursları, milli fitosanitar məlumatlandırma tədbirləri və s.). Ümumilikdə, Dövlət Fitosanitar Xidmətinin (DFX), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Dövlət Gömrük Komitəsinin (DGK) zərərvericilərin diaqnostikasının əsasları, idxal qaydaları və ixrac sertifikatlaşdırılması üzrə təlim keçmiş əməkdaşlarının sayı 140 olmuşdur.
İxrac tənzimlənməsi sisteminin idarə olunması təkmilləşdirilmişdir. 2017-ci ildə hazırlanmış idxal / ixrac nəzarəti üzrə 6 standart əməliyyat prosedurları 2018-ci ildə AQTA-nın yaradılması ilə bağlı institusional dəyişikliklər nəticəsində yenidən nəzərdən keçirilmişdir.
31 nəfər müfəttiş yoxlamanın əsasları və zərərvericilərin diaqnostika üzrə təlim keçmişdir.
Sınaq sərhədində yoxlama və ixrac sertifikatlaşdırma sistemi təkmilləşdirilərək ixrac nəzarəti və sertifikatlaşdırma prosedurları üzrə 40 müfəttiş (29 kişi, 11 qadın) təlimləndirilmişdir.
Mərkəzi və regional səviyyədə maarifləndirmə seminarları təşkil edilməklə, fitosanitar nəzarəti (zərərvericilərin diaqnostikası, idxal-ixrac nəzarəti, sertifikatlaşdırma və s.) ilə bağlı dövlət və özəl sektordan 33 nümayəndənin bilikləri artırılmışdır.
Elektronlaşdırılmış məlumat bazası/vahid avtomatlaşdırılmış idarəetmə sistemi hazırlanmış və qurulmuşdur. 2018-ci ilin yanvar ayından etibarən fəaliyyət göstərən AQTA verilənlər bazası və elektron sertifikatlaşdırma sistemləri üzrə öhdəlikləri öz üzərinə götürmüşdür .
            “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsi çərçivəsində orqanik kənd təsərrüfatı sənədləşmə mərkəzi qurulmuş və təchiz edilmişdir və 2018-ci ilin mart ayında beynəlxalq verilənlər bazasına daxil olmaq üçün təlim keçirilmişdir. Mərkəzin gələcək fəaliyyəti üçün texniki tapşırıqlar hazırlanmışdır.
              7 mart 2018-ci il tarixində Şəmkirdə, 8 mart 2018-ci il tarixində isə Gəncədə Kənd Təsərrüfatı Nazirliyi və Gəncə Aqrobiznes Assosiasiyasının təşkilati dəstəyi ilə fermerlər, dövlət və özəl qurumların, assosiasiyaların nümayəndələrinin iştirakı ilə orqanik kənd təsərrüfatı üzrə maarifləndirmə görüşləri keçirilmişdir.
              "Azərbaycanda orqanik kənd təsərrüfatı: hazırkı durum və gələcək inkişaf potensialı" adlı kitab hazırlanaraq üç dildə  çap olunmuşdur. Bundan başqa, yeddi növ posterlər, üç buklet / broşura (onlardan biri Azərbaycan və İngilis dilində olmaqla) və digər istinad sənədləri paylanmışdır.
            2018-ci ilin mart-aprel aylarında Azərbaycanın mövcud qanunvericiliyi və orqanik kənd təsərrüfatında institusional çərçivə təhlil edilmişdir. Beynəlxalq standartlara uyğunlaşdırılması və icrasını asanlaşdırmaq üçün qanunvericiliyə və institusional çərçivəyə dair təkliflər hazırlanmışdır. Qanun layihəsinə və orqanik kənd təsərrüfatı üzrə texniki standartlara milli tərəfdaşlarla aparılan müzakirələr əsasında dəyişikliklər edilmişdir. Mövcud kənd təsərrüfatı yoxlama və sertifikatlaşdırma sistemi, bütün müvafiq qurumların mandatları və mövcud funksiyaları qiymətləndirilmişdir. Səmərəli orqanik kənd təsərrüfatı idarəçiliyi üçün ümumi institusional təşkilatı və yoxlama sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
  • aprel 2018-ci il tarixində Layihənin bağlanış seminarı keçirilmişdir.
Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) əsas məqsədi kənd yerlərində yaşayan istedadlı gənclər arasında aqrar sahədə gəlirgətirən fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və dəstəklənməsi vasitəsilə yeni iş yerlərinin yaradılmasına dəstək verməkdir.
Layihənin 2018-cı ilin sentyabr ayında açılış mərəsimi keçirilmişdir.
2018-ci ilin dekabr ayında kənd yerlərində yaşayan gəncləri AMAL ilə tanış etmək məqsədilə məlumatlandırma kampaniyasına başlayaraq gənclari AMAL-a cəlb etmək üçün Şamaxı və İsmayıllı rayonunlarında görüşlər keçirilmiş layihə barədə ətraflı məlumat verilmiş, onların gözləntiləri, maraqlandıqları sahələr öyrənilmiş, kənd təsərrüfatı biznesinə başladıqda lazım olacaq biliklər barədə fikir mübadiləsi aparılmışdır.
Əsas məqsədi Azərbaycanda qoyunçuluq istehsalının dayanıqlı inkişafı və müvafiq ərzaq dəyər zəncirinin yaradılması olan “Azərbaycanda dayanıqlı qoyunçuluğun və müvafiq dəyər zəncirinin inkişafi” və süni mayalanma, embrion nəqli və yemləmə sistemləri üçün xidmətlərin gücləndirilməsi, damazlıq işinin müvafiq şəkildə idarə olunması yolu ilə iribuynuzlu heyvandarlığın məhsuldarlığının artırılması məqsədi ilə “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihələri 2018-ci ilin 12 noyabr tarixində FAO və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən imzalanaraq 13 dekabr 2018-ci il tarixində açılış mərasimi keçirilmiş və icrasına başlanılmışdır.
FAO-nun “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihənin əsas məqsədi torpaqların konsolidasiyası üzrə milli strategiyanı həyata keçirməklə kənd yerlərində torpağa sahiblik mexanizminin uzunmüddətli təkmilləşdirilməsi vasitəsi ilə Azərbaycanda kəndin və kənd təsərrüfatının dayanıqlı inkişafına töhfə verməkdir.
Layihənin 2016-cı ilin sentyabr ayında açılış mərəsimi ilə icrasına başlanılmışdır. Hazırda layihə imzalanması üçün aidiyyəti üzrə təqdim edilmişdir.
FAO-nun “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğu milli sisteminin yaradılması” layihəsinin məqsədi sağlam toxumluq kartof istehsalı üzrə etibarlı milli sistemin yaradılması yolu ilə kənd yerlərində yaşayışın və qida təhlükəsizliyinin yaxşılaşdırılmasıdır. Layihə imzalanması üçün aidiyyəti üzrə təqdim edilmişdir.
Əsas məqsədi milli səviyyədə təbliğat sistemlərini gücləndirilməklə kişi və qadın fermerlərə və kənd icmalarına bitkiçilik məhsullarının yetişdirilməsi, torpaq və su ehtiyatlarının səmərəli idarə olunması üzrə müasir metodların və bacarıqların tətbiqi və təşviqi sahəsində vaxtında və effektiv dəstəyin göstərilməsi olan FAO-nun “Mərkəzi Asiyada kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” və əsas məqsədi iki seçilmiş məhsul və dörd potensial ixrac bazarları üçün ixracın təşviqi strategiyalarının hazırlanması üzrə FAO-nun dəstəyi vasitəsilə benefisiar ölkələrin ixracın təşviqi üzrə milli strategiyalarının hazırlanması ilə bağlı potensialın gücləndirilməsi olan “Azərbaycan, Tacikistan və Özbəkistanda seçilmiş kənd təsərrüfatı məhsulları üzrə ixracın təşviqi milli strategiyalarının yaradılması prosesinə dəstək” layihələri hazırda imzalanma mərhələsindədir.
FAO-nun “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamli üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsinin əsas məqsədi İstifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş ərazilərdən Davamlı Üzvi Çirkləndiricilərin (DÜÇ) ətraf mühitə sızmasını azaltmaq və pestisidlərin düzgün idarə edilməsi üçün potensialı gücləndirməkdir. 24 sentyabr 2018-ci il tarixində layihə sənədi imzalanaraq təsdiq edilmişdir.
BMT-nın İnkişaf Proqramının (UNDP) “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi çərçivəsində Azərbaycanda dənli-taxıl bitkilərinin mövcud aqro-bioloji müxtəlifliyinə təsir edən əsas biotik, abiotik və antropogen amilləri müəyyənləşdirmək, onların mühafizəsini, toplanmasını, ex-situin-stu şəraitdə saxlanılmasını təmin etmək üçün Qobustan, Şamaxı, Ağsu, Qəbələ, Oğuz, Şəki, Salyan, Biləsuvar, Cəlilabad, Bəhramtəpə yolu, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında, həmçinin Abşeron və Bakı şəhəri ətraflarında ekspedisiya keçirilmişdir. Yuxarıda göstərilən rayonların düzənlik, dağətəyi və dağlıq ərazilərində mədəni arpaların (Hordeum L.) və buğdaların (Triticum L.) yabanı əcdad növlərinə, növdaxili və növlərarası təbii hibridlərə aid 321 nümunə toplanılmış, fraksiyalara ayrılmış və çoxaltmaq məqsədilə səpilmişdir. Yerli mədəni və yabanı sort-formaların genetik müxtəlifliyinin qiymətləndirilməsi nəticəsində seçilmiş sortların özək və əlamət kolleksiyalarına daxil edilməsi, kataloqların yaradılması istiqamətlərində elmi-tədqiqat işləri aparılmışdır. Mədəni bitkilərin yabanı əcdadlarından ibarət 2 zəngin bölgə identifikasiya olunmuşdur.
Bundan başqa, tarla genbanklarında öyrənilən genotiplərin toxumlarının artırılmasından sonra alınmış yeni reproduksiya, soyuducu kameralarda, ex-situ şəraitdə uzunmüddətli saxlanılma üçün Milli Genbanka təhvil verilmişdir. Hədəf rayonlarda biomüxtəlifliklə zəngin olan ərazilərin mühafizəsinin yerli orqanların köməkliyi ilə Beynəlxalq standartlara uyğun təşkil edilməsi və nümunə kimi müvafiq orqanlar üçün tövsiyələrin hazırlanması üçün Coğrafi İnformasiya Sisteminə (CİS) dair məlumatlar hazırlanmışdır.
Layihə çərçivəsində Şəki, Göyçay, Goranboy və Tərtər rayonlarının fermerlərlə görüşlər keçirilmiş, becərilən mədəni bitkilərin sortları və onlara edilən aqrotexniki qulluq, növbəli əkinlər, gübrə normaları haqqında sorğu aparılmışdır. Hədəf rayonların 73 fermerinə  mütərəqqi aqrotexniki becərmə tədbirləri, innovativ üsullar, texnologiyalara aid təlimlər keçirilmiş və həmin fermer təsərrüfatlarına bərk və yumşaq buğdaların, arpaların və tərəvəz bitkilərinin yerli xalq seleksiyası və yeni sortlarının yüksək reproduksiyalı toxumları paylanmışdır.
Ümumilikdə, layihə çərçivəsində Şəki, Göyçay, Goranboy və Tərtər rayonları üzrə fermerlərə verilmiş 23911,0 kq bərk, yumşaq buğda və arpa toxumu 125,83 ha ərazidə səpilmişdir. Tərəvəz-bostan bitkilərinin yerli xalq seleksiyası və yeni sortlarının cəmi 1506.20 kq toxumu səpin üçün hazırlanmışdır.
Qədim, yerli xalq seleksiyası sortlarından və yabanı əcdadlardan istifadə etməklə yeni, müasir adaptiv sortların yaradılması istiqamətlərində seleksiya proqramlarının hazırlanması və həyata keçirlməsi üçün bir sıra elmi-tədqiqat işləri aparılmışdır.
Genetik Ehtiyatlar İnstitutunun Abşeron Elmi Tədqiqat Bazası, Əkinçilik Elmi Tədqiqat İnstitutu, Tərtər Bölgə Təcrübə Stansiyasında bərk buğdanın qədim, yerli xalq və müxtəlif dövrlərdə yaradılmış, o cümlədən müasir seleksiya sortlarından ibarət tarla genbankı yaradılmışdır.
Layihə rayonlarında torpaqların ümumi vəziyyəti qiymətləndirilmiş, ümumilikdə 100-dən artıq fermerin sahəsində torpaq analizi aparılmışdır. Şəkidə Regional Təlim Mərkəzi yaradılmış və Gəncə şəhərində də yaradılması üçün danışıqlar həyata keçirilmişdir. Hədəf rayonlarda fermerlərlə 40-dan artıq görüş keçirilmiş, Goranboy rayonunda tərəvəz bitkilərinin becərilməsi, onların xəstəliklərinin identifikasiyası, xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə sahə seminarları keçirilmiş və məsləhətlər verilmişdir. Şəki və Tərtər rayonlarında 50-dən artıq fermer təsərrüfatı ilə mütəmadi görüşlər keçirilmiş, taxıl bitkilərinin yerli sortları haqqında məlumat verilmiş və onların becərilməsi üzrə müzakirələr aparılmışdır.
2018-ci ildə layihənin hədəf rayonu olan Göyçay rayonunda AMEA-nın Rəyasət Heyəti və Göyçay rayon İcra Hakimiyyəti ilə birlikdə Nar bitkisinin və məhsullarının multidissiplinar problemlərinə həsr edilmiş respublika elmi praktik konfransı təşkil edilmişdir. Konfrans zamanı alim və mütəxəssislər, fermer birlikləri və iri şirkətlərin 100-dən artıq nümayəndəsi iştirak etmişdir.
Əsasən tərəvəz bitkiləri üzrə müəyyən qiymətləndirmələr həyata keçirilərək ilk dəfə olaraq fermerlər üçün sorğu vərəqi hazırlanmış, onların yerli sortların əkini üzrə fikirləri və ehtiyacları öyrənilmişdir.