FAYDALI MƏLUMATLAR

Birdəfəyə məxsus subsidiya - Ən çox verilən suallar

Sual:  Birdəfəyə məxsus əkin subsidiyasına hansı bitkilər aiddir?
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
  • Ağdam, Ağsu, Cəlilabad, Cəbrayıl, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan üzüm bağlarının hər hektarına görə 8000 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
  • 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5000 manat məbləğində əkin subsidiyası ödəniləcəkdir.
  • 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan hər hektar intensiv limon bağlarına görə 11600 manat, intensiv naringi və portağal bağlarına görə 9600 manat, intensiv nar bağlarına görə 3000 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
  • Qeyd edilən bağlara görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan:
  • intensiv kinkan bağlarının hər hektarına görə 11600 manat;
  • şabalıd bağlarının hər hektarına görə 800 manat;
  • damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9600 manat;
  • damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 4700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3200 manat məbləğində əkin subsidiyası ödəniləcəkdir.

Sual:  Birdəfəlik əkin aparan və ya aparacaq şəxs nə vaxt, necə və hara müraciət etməlidir?
Cavab:  1 sentyabr - 30 dekabr və 1 fevral – 31 may tarixləri arasında yeni bağ salan və ya il ərzində salmağı planlayan şəxs bəyanını EKTİS-ə daxil etməlidir. Bunu şəxs www.eagro.gov.az fermer kabinetindən bilavasitə özü həyata keçirə bilər və ya DAİM, habelə “ASAN xidmət” mərkəzlərinin yardımı ilə bəyanı sistemə daxil edilər.

Sual:  Bu müddət ərzində əkin aparmamış amma əkin planlaşdıran şəxslər birdəfəlik əkin subsidiyası üçün müraciət edə bilərmi?
Cavab:  Bəli,  payız ayları ərzində bu bağların salınmasını planlaşdıran şəxslər bu müddət ( 1 sentyabr-30 dekabr və 1 fevral–31 may ) ərzində müraciət etməli və əkinlərini payızda aparacaqlarını xüsusilə qeyd etməlidirlər. Həmin şəxslərin ərazilərində yerində monitorinq tinglər əkildikdən sonra aparılacaq.

Sual: Birdəfəlik əkin subsidiyasına müraciət edən şəxs mütləq digər əkin subsidiyasını almış olmalıdır?
Cavab:  Nəzəri olaraq xeyr digər əkin subsidiyası ala bilməmiş şəxslər də birdəfəlik əkin subsidiyasına müraciət edə bilər. Amma nəzərə almaq lazımdır ki, əkin bəyanının EKTİS-ə daxil edilmiş olması şərti hər iki subsidiya məbləği üçün eynidir. Sadəcə fermer birdəfəlik əkin subsidiyası şərtlərinə sahibdirsə ona 2 subsidiya müraciəti formalaşacaq və bu barədə ona elektron kabineti vasitəsilə məlumat veriləcək.
Sual:  İntensiv olmayan bağlara birdəfəlik əkin subsidiyası verilirmi?
Cavab:  Xeyr. Bu bağlara sadəcə 250 manat/ha əkin subsidiyası verilir.

Sual:  Mövcud bağ ağac sayı artırılmaqla intensiv hala gətirilmişsə birdəfəlik əkin subsidiyasına müraciət edilə bilərmi?
Cavab:  Xeyr. Birdəfəlik əkin subsidiyası 2022-ci ildə salınmış yeni bağlara verilir. Lakin belə bağlar ənənəvi bağdan intensivə çevrildiyi üçün əkin subsidiya məbləği artacaq. 

Sual:  Müraciət müddəti ötürülsə nə olacaq?
Cavab:  Bağın salınmış olmasından asılı olmayaraq 1 fevral-31 may arasında müraciət edilməzsə birdəfəlik əkin subsidiyası verilməyəcək.

Sual:  Birdəfəlik əkinlər yerində monitorinq ediləcəkmi?
Cavab:  Bəli. Bunun üçün fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS vasitəsilə və tinglər yerdə olduqda yerində monitorinq aparılacaq. Ərazi koordinatlarını bilavasitə sistemə daxil edə bilməyən fermerlər DAİM-lərdən kömək istəyə bilərlər.

Sual:  Birdəfəlik əkin subsidiyası necə ödəniləcək?
Cavab:  Birdəfəlik əkin subsidiyası fermer kartına köçürüləcəkdir.

Sual:  Birdəfəlik əkin subsidiyasını nağdlaşdıraraq istifadə edə bilərəmmi?
Cavab:  Birdəfəlik əkin subsidiyası əkin subsidiyası kateqoriyasında olduğu üçün 25% -i nağdlaşdırılaraq istifadə edilir, 75%-i nağdlaşdırılmadan fermer tərəfindən əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur.

Sual:  Subsidiya məbləğini fermer kartımda hansı müddətə saxlaya bilərəm?
Cavab:  Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.

Sual:  Birdəfəyə məxsus əkin subsidiyası növbəti il də veriləcəkmi?
Cavab:  Birdəfəlik əkin subsidiyası bağın salınma ilində verilən bir dəfəyə məxsus əkin subsidiyasıdır. Növbəti il verilərsə artıq növbəti il salınacaq bağlara şamil olunacaq. Bu barədə Aqrar Subsidiya Şurasının qərarlarını izləmək lazımdır. Növbəti illərdə fərqli bitkilər üçün fərqli məbləğlərdə müəyyən edilə bilər və ya verilməyə bilər.