AQRO XƏBƏRLƏR

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Göygöldə fermerlərə aqroturizm üzrə təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fermerlər üçün təlimlər təşkil olunur.
Növbəti təlim "Ailə təsərrüfatlarında aqroturizm fəaliyyətlərinin praktik təşkili" mövzusu üzrə Göygöl rayonunda təşkil olunub. Təlimdə aqroturizm sahəsi üzrə rayonun Toğana, Çaykənd, Şəhriyar, Topalhəsənli, Toğanalı və digər kəndlərində fəaliyyət göstərən ümumilikdə 20 fermer iştirak edib. Təlimlər həm nəzəri, həm də təcrübi modullar üzrə baş tutub. Təlim iştirakçıları aqroturizmin əsas prinsipləri, aqroturizm fəaliyyətlərinin icrası, təhlil və strategiya metodları, biznes planın hazırlanması, marketinq alətlərindən effektiv istifadə və digər mövzular üzrə məlumatlandırılıblar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 135 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 150 fermer təsərrüfatından 110-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.