Əkin subsidiyası

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Addım 1. EKTİS-də qeydiyatdan keçib, fermer statusunun alınması
    Kənd təsərrüfatı məhsulu istehsal etmək istəyən, təsərrüfatı və ya torpağı olan istənilən fiziki və ya hüquqi şəxs EKTİS-də qeydiyyatdan keçib fermer statusu ala bilir. Elektron qaydada birbaşa (www.eagro.az saytı vasitəsilə) və ya xidmət yerinə torpaq sənədi (Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə məlumatların inteqrasiya ilə əldə edilməsi mümkün olmadıqda torpaq sənədinin əsli tələb oluna bilər), şəxsiyyət vəsiqəsi və mobil telefonu ilə gəlməklə 5-10 dəqiqə ərzində EKTİS-də qeydiyyatdan keçirilir. Yerində qeydiyyat zamanı fermer EHİS-də qeydiyyata dair ərizə imzalayır.
    Addım 2. Torpaq sahələrinin qeydiyyatı
    Fermer torpaq sahələrinə dair aşağıdakı məlumatları və ya daxil edilmiş məlumatlarda dəyişiklik baş verərsə, həmin məlumatları EKTİS-ə daxil edir:
    • torpaq sahəsinin yerləşdiyi əraziyə dair məlumatları (rayon (şəhər), kənd (qəsəbə));
    • torpaq sənədinin rekvizitlərini (kod, JN, reyestr nömrəsi, qeydiyyat nömrəsi və s.);
    • torpaq sənədi dövlət aktı və ya şəhadətnamə olarsa, onda hər bir konturun nömrəsini, onun sahəsi, kateqoriyası və məqsədli təyinatına dair məlumatları;
    • torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədlərin (torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, notarius tərəfindən təsdiq edilmiş alqı-satqı, müddəti on bir aydan az olan icarə və subicarə müqavilələri, habelə icra nümayəndəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata uyğun olaraq təsdiq etdiyi sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələr, vərəsəlik şəhadətnaməsi, məcburi köçkünlərə verilmiş torpaq sahələri ilə bağlı sənədlər, islahat keçirilməmiş rayonlarda (cəbhə xəttinə yaxın ərazilərdə) torpaq sahələrinin şərti bölgüsü, dövlət aktı olmayan pay torpaqlarının verilməsi üçün əsas olan sənədlər) surətlərini;
    • Aqrar Subsidiya Şurasının qərarına uyğun olaraq aqrokimyəvi analizlərə dair arayışları.
    Fermer tərəfindən müvafiq rayon üzrə EKTİS-ə daxil edilmiş torpaq sahələri və məlumatlar DAİM tərəfindən təsdiq edilir.
    Qeyd 1. Fermerin istifadə hüququnu təsdiq edən sənədlər Xidmətin Elektron Xidmətlər Portalından inteqrasiya yolu ilə əldə edilə bilmədikdə fermer həmin sənədlərin əslini (təsdiq olunmuş surətini) və ya Xidmətdən alınan müvafiq arayışı təqdim etməlidir.
    Fermerin istifadə hüququnu təsdiq edən sənəd torpağın xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) ehtiva etdikdə və ya bu məlumatlar inteqrasiya ilə Xidmətin Elektron Xidmətlər Portalından əldə edildikdə əlavə sənəd tələb edilmir. Bu məlumatlar həmin sənəddə olmadıqda və ya həmin sistem vasitəsilə əldə edilmədikdə Xidmətdən alınan daşınmaz əmlakın dövlət reyestrindən arayış tələb olunur.
    Qeyd 2. Aqrokimyəvi analiz nəticələri sonradan monitorinq nəticəsini göstərən aktlarla birlikdə EKTİS-ə daxil edilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi analiz nəticələrinin EKTİS-ə daxil edilmə vəziyyətini yoxlayır və bu barədə AKİA-ya mütəmadi məlumat verir.
    Əkin subsidiyasının verilməsi üçün meyarlar:
    * Əkin subsidiyası (hər il üçün ilk bəyan edilən bitkiyə verilən) – torpağın məqsədli təyinatının əkin, çoxillik əkmə və dincə qoyulmuş olması;
    * Təkrar əkin subsidiyası (il ərzində birinci əkin məhsul toplandıqdan sonra eyni yerdə ikinci əkilən və
    EKTİS-də bəyan edilən bitkiyə verilən) – torpağın məqsədli təyinatının əkin, dincə qoyulmuş olması və
    EKTİS-də ilk əkilən bitkinin bəyan edilmiş olması;
    * Birdəfəyə məxsus əkin subsidiyası (müraciət edilən il Aqrar Subsidiya Şurasının qərarında müəyyən edilən bitkilər üzrə salınan bağlara verilən) – torpağın məqsədli təyinatının əkin, çoxillik əkmə və dincə qoyulmuş olması, əlavə olaraq meşə fondu boş torpağı olması, dəniz səviyyəsindən 200-1500 m hündürlükdə dağlıq və dağətəyi torpaq olması (sadəcə fındıq üçün), torpağın orta şiddətli şorlaşmış, şiddətli şorlaşmış, çox şiddətli şorlaşmış, şoran, orta şiddətli şorəkətləşmiş, şiddətli şorəkətləşmiş olması və ya bonitet balının 40-dan aşağı olması (sadəcə nar və zeytun üçün), dəniz səviyyəsindən azı 400 m hündürlükdə dağlıq və dağətəyi torpaq olması (sadəcə dəmyə üzüm üçün). Bonitet balı 40-dan aşağı olan torpaqların sənədlərində məqsədli təyinatları “əkin”, “dincə qoyulmuş”, “çoxillik əkmə”, “digər”, “və s.” yazıla bilər və ya həmin bölmə boş buraxılmış ola bilər;
    * Əkilən torpaqların sənəd üzrə və xəritədə çəkilən sahələri əsasında əkin subsidiyası hesablanır. Torpağın (parselin) xəritə-sxemdə çəkilən sahəsi onun sənəd üzrə sahəsindən artıq ola bilməz. Faktiki əkilən torpaq sahəsinin sənəd üzrə sahədən çox olması halında subsidiya sənəd üzrə sahəyə əsasən hesablanır. Fermer artıq sahə üzrə istifadə hüququnun rəsmiləşdirilməsi üçün torpaq sənədlərində müvafiq düzəliş edilməsi ilə bağlı Xidmətə müraciət edə bilər;
    * Məqsədli təyinatı örüş, yay-qış otlaq, biçənək olan torpaq sahəsində əkin aparılıbsa, həmin sahəyə görə əkin subsidiyası hesablanmır. Bu halda torpağın ümumi sahəsinin yaşıl yem üçün xəsil əkilmiş 3 faizə qədər olan hissəsi qanuni istifadə edilmiş hesab edilir. Belə ərazilərdə əkin bəyan edən fermerə subsidiya ödənişindən imtina edilməsinə dair sms və ya elektron kabinetinə bildiriş göndərilə bilər. Belə ki, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsində cərimə nəzərdə tutulmuşdur;
    * İntensiv bağlar – Aqrar Subsidiya Şurasının qərarında müəyyən edilən bitkilər üzrə 2019-cu ildən başlayaraq salınmalı və həmin qərarda müəyyən edilmiş digər tələblərə cavab verməlidir;
    * Aqrar Subsidiya Şurasının qərarında intensiv bağlar üçün müəyyən edilmiş tələblərə cavab verməyən digər meyvə bağlarına görə əkin subsidiyasının verilməsi üçün 1 hektara əkilmiş tinglərin minimum sayı 90 ədədə bərabər olmalıdır.
    Addım 3. Torpaq sahələrində əkin və məhsul proqnozlarının, toplanan məhsul barədə məlumatın bəyan edilməsi
    Əkin bəyan dövrlərində əvvəlki il əldə edilən məhsul və 4 illik proqnozlar barədə (əkiləcək bitki və əldə ediləcək məhsul barədə planlaşdırılan) EKTİS-ə məlumat daxil edilir. Hər il qeyd edilən tarixlərdə qalan 3 ilin proqnozu dəqiqləşdirilməli və sonuncu (4-cü) il üçün proqnoz əlavə edilməlidir.
    Addım 4. Torpaq sahələrində faktiki əkinlərin bəyan edilməsi
    Payızlıq əkinlər üzrə sentyabrın 1-dən başlayaraq dekabrın son iş gününədək, yazlıq əkinlər üzrə fevralın 1-dən başlayaraq mayın 31-dək, təkrar əkinlər üzrə iyunun 1-dən başlayaraq avqustun 31-dək fermer tərəfindən həmin il faktiki əkilən bitkilər, əldə edilməsi gözlənilən məhsul və əkin hektarı barədə informasiya bilavasitə elektron qaydada və ya xidmət yerinə gəlməklə EKTİS-ə daxil edilir. Yeni əkilən və mövcud çoxillik əkmələr (meyvə bağları və digər çoxillik bitkilər) hər il payızlıq və ya yazlıq əkin bəyan dövrlərində bəyan edilir. Mövcud bitki növlərinin əkininin davam etməsi, habelə yeni bitki növləri ilə əvəz edilməsi hər il bəyan edilməlidir.
    Fermerin torpaq sahəsində (parselində) əkini üzrə dəqiqləşdirmə əkin bəyanlarının qrafik vektorlaşdırılması (çəkmə) vasitəsilə aparılır. Fermer ona məxsus torpaq sahəsinin kadastr parseli üzərində əkin növünə uyğun olaraq, faktiki koordinatlara əsasən xəritə-sxemi vektorlaşdıraraq təsdiq edir. Təsdiq olunmuş sahələrin
    xəritə-sxemi peyk monitorinqləri üçün əsas hesab edilir.
    Torpaq sahəsində proqnoz və bəyan edilən bitki növü müəyyən edilən müddət ərzində subsidiya müraciəti göndərilənə qədər dəyişdirilə bilər. Bəyan edilmiş bitkilərin sahəsi üzrə formalaşan informasiya baxış və müraciət üçün fermerin elektron kabinetində yerləşdirilir. Fermer “müraciət et” düyməsini sıxmaqla subsidiya almaq üçün müraciət edir. Bəyan daxil edildikdən sonra “müraciət et” düyməsini sıxan fermerin bəyanında dəyişiklik etmə imkanı ortadan qalxır.
    Addım 5. Subsidiyanın hesablanması
    EKTİS fermer tərəfindən seçilən torpaq sahəsi (parsel), orada əkilmiş bitki və rayona görə subsidiyaya müraciəti avtomatik hazırlayır. AKİA tərəfindən ən gec hər il yanvarın 15-dək subsidiya veriləcək bitkilər üzrə rayonların siyahısı və həmin rayonlar üzrə bitkilərin Aqrar Subsidiya Şurası tərəfindən təsdiqlənən əkin əmsalları EKTİS-ə daxil edilir.
    EKTİS fermerə ödəniləcək əkin subsidiyasının məbləğini aşağıdakı düstura əsasən müddət sonunda bəyan və müraciət edilmiş əkinlər üzrə monitorinqin nəticələrini nəzərə almaqla hesablayır:
    Əkin subsidiyasının hesablanması = 200 manat (Baza məbləği) × Rayon üzrə bitkinin əkin əmsalı × 1,1 (İstifadəsində olan 50 hektardan çox torpaq sahəsində əkin aparmış və ya çoxillik əkmə salmış kooperativdirsə) × əkilən sahənin hektarı
    200 manat (baza məbləği) x təkrar əkin əmsalı = əkin subsidiyası (bəyan edilən təkrar əkin üzrə)
    200 manat (baza məbləği) x birdəfəlik əkin əmsalı = əkin subsidiyası (həmin il əkilən yeni çoxillik əkmə üzrə)
    Torpaq sahəsi (parsel) üzrə bir təqvim ilində onun subsidiyaya uyğun hissəsindən artıq sahəyə (Aqrar Subsidiya Şurası tərəfindən qərar verilən təkrar əkinlər istisna olmaqla) subsidiya hesablanmır.
    EKTİS tərəfindən “müraciət et” düyməsini sıxmayan fermerlərə subsidiya ödənilmir. Bu barədə fermerə müddətin bitməsinə yaxın bildiriş göndərilə bilər.
    Addım 6. Fermerlərin müraciətləri üzrə monitorinqlərin aparılması
    Fermer tərəfindən edilən müraciətlər üzrə aşağıdakı qaydada monitorinqlər həyata keçirilir:
    • çarpaz - elektron bəyannamə məlumatlarının sistemdə olan digər məlumatlarla üzləşdirilməsi;
    • yerüstü müşahidə - peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi;
    • yerində müşahidə - seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə DAİM mütəxəssisləri tərəfindən nəzarət və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi.
    EKTİS-ə daxil edilən məlumatlar sistemdə mövcud digər aidiyyəti məlumatlarla üzləşdirilir. Bu vasitə ilə eyni torpaq sahəsinə birdən çox bəyan (bir torpaq sahəsində müxtəlif bitkilərin becərilməsi halı istisna olmaqla) imkanı, birdən çox istifadəçinin eyni torpaq sənədi ilə bəyan imkanı, torpaq sahəsinin ölçüsündən çox bəyan imkanı, bəyan müddətləri xaricində bəyan imkanı və s. hallar ilə bağlı məhdudlaşdırmalar tətbiq edilir.
    Müraciətlərin müəyyən hissəsi bitkinin becərildiyi dövrü (şum, əkin) əhatə edən peyk xəritələri (ortafoto təsvirləri) əsasında monitorinq edilir, fotointerpretasiya əsasında qiymətləndirilir. Peyk monitorinqi nəticəsində əkinin aparılmadığı şübhə edilən yerlər yerində müşahidə olunur.
    EKTİS eyni zamanda əvvəlcədən müəyyən edilən risk meyarları əsasında seçmə apararaq müraciətlərin bir qismini yerində müşahidə üçün göndərir.
    Yerində müşahidə üçün seçilən müraciətlərin sahibləri (fermerlər) müşahidənin vaxtı barədə DAİM əməkdaşları tərəfindən əvvəlcədən məlumatlandırılırlar. Fermer iştirakdan imtina etdikdə və ya müəyyən olunan vaxtda müşahidə aparılacaq yerə gəlmədikdə müşahidə fermerin iştirakı olmadan aparılır və nəticə aktlaşdırılır. Fermer müşahidədə iştirak etdikdə akt onun tərəfindən də imzalanır. Fermer imzalamaqdan imtina etdikdə bu barədə aktda qeyd edilir. EKTİS-də əkildiyi bəyan edilən bitki yerində müşahidə edilmirsə və ya yerdə başqa bitki müşahidə edilirsə, habelə 2-ci addımda intensiv bağlar üçün müəyyən edilmiş şərtlərin ödənilmədiyi və ya bağın salındığı ilin yalnış bəyan edildiyi müəyyən edilərsə, nəticə 0 qəbul edilir.
    Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında fərq 5 faizdən çox olmadıqda, bu fərq monitorinq aktında əks olunur və subsidiya məbləği həmin fərq ölçüsündə azaldılır.
    Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında 20 faizədək fərq olduqda, bu fərq monitorinq aktında əks olunur və monitorinq nəticəsinə uyğun hesablanmış subsidiya məbləği 30 faiz azaldılaraq ödənilir.
    Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında 20-50 faiz fərq olduqda, bu fərq monitorinq aktında əks olunur və hesablanmış subsidiya sıfırlanır, yəni həmin il üzrə fermerə subsidiya ödənilmir.
    Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında 50 faizdən çox fərq olduqda, bu fərq monitorinq aktında əks olunur, hesablanmış subsidiya sıfırlanır, cari il və sonrakı il ərzində həmin fermerə monitorinq predmeti olan ərazi üzrə subsidiya hesablanmır.
    Bəyan edilmiş bəzi əkinlər Nazirliyə daxil olan şikayətlər və ya məlumatlar əsasında fərdi monitorinqə daxil edilir. Bu halda yerində müşahidə qaydaları tətbiq edilir.
    Addım 7. Müraciətlərin təsdiqi
    Monitorinq üçün seçilməmiş müraciətlər avtomatlaşdırılmış qaydada təsdiqlənir və ödəniş üçün AKİA-ya göndərilir.
    Monitorinq nəticəsində fermerin bəyannaməsində göstərilənlərdən fərqli hallar müəyyən edilmədikdə müvafiq müraciət təsdiqlənir və ödəniş üçün AKİA-ya göndərilir.
    Monitorinq nəticəsində fermerin bəyannaməsində göstərilənlərdən fərqli hallar müəyyən edildikdə isə, yuxarıda qeyd edilən monitorinq aktları EKTİS-də fermerin kabinetində də əks olunaraq fermerə bununla əlaqədar EKTİS vasitəsilə bildiriş göndərilir. Monitorinq aktı təqdim edildikdən sonra fermer EKTİS-də və ya DAİM-ə gəlib nəticəni təsdiq etdikdə, yaxud 15 gün müddətində bildirişə/monitorinq nəticəsinə etiraz etmədikdə, ona münasibətdə 6-cı addıma uyğun tələblər tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə AKİA-nın və ya
    DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir və nəticə aktlaşdırılaraq EKTİS-ə daxil edilir.
    Monitorinq nəticəsindən şikayət etmiş fermerlərin müraciətləri araşdırma bitdikdən sonra təsdiq edilir, monitorinq nəticəsinə uyğun əkin subsidiyası hesablanır və ödəniş üçün AKİA-ya göndərilir.
    Addım 8. Subsidiyaların ödənilməsi
    AKİA tərəfindən monitorinq nəticələrinə uyğun və ya monitorinq edilmədən avtomatlaşdırılmış qaydada hesablanan müraciətlər hər ay qrup halında qəbul edilir. Müraciətlər qəbul edildikdən sonra onlar “ödənişə hazırdır” statusuna keçir.
    Əkin subsidiyasına müraciətlər “ödənişə hazırdır” statusuna keçdikdən sonra AKİA tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək subsidiyalar fermer kartlarına ödənilir.
    Fermerin elektron kabinetində “Subsidiyalar” bölməsində ona ödənilmiş subsidiyaların məbləği əks olunur və EKTİS-də bu barədə bildiriş fermerə göndərilir.
    Fermerə səhv ödənilmiş subsidiya vəsaiti Qaydanın 5.5-ci bəndinə əsasən AKİA-ya geri qaytarılır, bu mümkün olmadıqda növbəti subsidiya vəsaiti artıq ödənilmiş məbləğ qədər azaldılır.
    Fermerin EKTİS-ə yanlış məlumat daxil etməsi subsidiya ödənişi aparıldıqdan sonra müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. Fermer subsidiya qaydalarını pozmaqla ilk dəfə belə hərəkətə yol verdikdə səhv ödənilən vəsait onun tərəfindən könüllü şəkildə geri qaytarıldığı təqdirdə fermerə xəbərdarlıq edilir. İlk dəfə belə hərəkətə yol vermiş fermer tərəfindən səhv ödənilən vəsait könüllü şəkildə geri qaytarılmadıqda, habelə fermer tərəfindən ikinci dəfə belə hərəkətlərə yol verildikdə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) fiziki şəxslərə münasibətdə 2 misli miqdarında, hüquqi şəxslərə münasibətdə 3 misli miqdarında cərimə tətbiq edilir. Belə hərəkətlərə 3-cü və ya daha artıq hallarda yol verildiyi təqdirdə fermerlərə (fiziki və hüquqi şəxslərə) vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında cərimə tətbiq edilir.
    Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə növbəti il üçün ona subsidiya ödənilmir.
    Təqvim ili ərzində büdcədən ayrılan, AKİA tərəfindən fermerə ödənilməsi mümkün olmayan məbləğ büdcəyə geri qaytarılır.
    Addım 9. Subsidiyaların xərclənməsi
    AKİA fevral ayından etibarən “ödənişə hazırdır” statusunda olan müraciətlər üzrə subsidiya məbləğini
    fevral-mart aylarından başlayaraq fermerlərin hesablarına köçürür və bu haqda məlumat SMS vasitəsilə fermerlərə çatdırılır.
    Fermer əkin subsidiyasından istifadə etməklə istehsal vasitələrinin (gübrə, toxum, pestisid) alışını, torpaqların aqrokimyəvi analizinin aparılmasını, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasını, habelə qurulmasını həyata keçirməyə başlayır. İstehsal vasitələrini, habelə müasir suvarma sistemlərini və dirəklərini satan sahibkarlar EKTİS-də təchizatçı adı ilə qeydiyyatdan keçmiş şəxslərdir. Onlar barədə məlumatlar (ad, yer, satış yeri və s.) EKTİS vasitəsilə fermerə təqdim olunur.
    Fermer subsidiya məbləğinin 25 faizini nağd ödəniş qaydasında təmin etməklə sahə ilə bağlı fəaliyyəti üzrə, 75 faizini isə əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün fermer kartı vasitəsilə xərcləyə bilər. Subsidiya məbləğinin 75 faizi nağdlaşdırıla bilinmir və başqa məqsədlər üçün istifadəsi qadağandır. Fermerin hesabına köçürülən bu məbləğ kart vasitəsilə təchizatçının subsidiya hesabına satdığı istehsal vasitələrinin, müasir suvarma sistemlərinin və dirəklərinin dəyərinin ödənilməsi üçün istifadə edilir. Belə ki, fermerin kartını xüsusi pay pointlərdən keçirməklə bu istiqamətdə fermerə ayrılan vəsait təchizatçının hesabına daxil olur, alqı-satqı barədə məlumat (satılan-alınan istehsal vasitəsi, müasir suvarma sistemləri və dirəkləri, onların miqdarı, satıldığı fermerin adı və s.) və qəbz təchizatçı tərəfindən EKTİS-ə daxil edilir.
    Fermerin Qaydanı pozaraq subsidiyanı təyinatı üzrə istifadə etmədiyi müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. Fermer subsidiya qaydalarını pozmaqla ilk dəfə belə hərəkətə yol verdikdə səhv ödənilən vəsait onun tərəfindən könüllü şəkildə geri qaytarıldığı təqdirdə fermerə xəbərdarlıq edilir. İlk dəfə belə hərəkətə yol vermiş fermer tərəfindən səhv ödənilən vəsait könüllü şəkildə geri qaytarılmadıqda, habelə fermer tərəfindən ikinci dəfə belə hərəkətlərə yol verildikdə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) fiziki şəxslərə münasibətdə 2 misli miqdarında, hüquqi şəxslərə münasibətdə 3 misli miqdarında cərimə tətbiq edilir. Belə hərəkətlərə 3-cü və ya daha artıq hallarda yol verildiyi təqdirdə fermerlərə (fiziki və hüquqi şəxslərə) vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında cərimə tətbiq edilir və həmin fermerə 2 il müddətinə subsidiya ödənilmir.