AGRO NEWS

Fermerlər üçün yeni müsabiqəyə start verildi

Azərbaycan Respublikası Hökumətinin maliyyə dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi, Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin (FAO) birgə əməkdaşlığı ilə həyata keçirilən “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi çərçivəsində “Süd emal avadanlığının pilot regionlarda fermerlərə təqdim olunması” üzrə müsabiqə elan edilir.
Müsabiqənin əsas məqsədi kooperativ və ya qrup şəklində fəaliyyət göstərən fermerlərə süd məhsullarının qəbulu və emalı üzrə 1 bölmənin yaradılması məqsədilə zəruri avadanlıq dəstəyi göstərilməsidir.
Müsabiqənin şərtlərinə əsasən Zaqatala, Beyləqan və Ağcabədi şəhərlərində yaşayan kooperativ və ya qrup şəklində fəaliyyət göstərən fermerlər müraciət edə bilər. Təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməli və hər bir müraciətçi müsabiqə çərçivəsində yalnız 1 maraq məktubu/layihə təqdim etmək hüququna malikdir. Sonda qalib iştirakçı layihəsinin/biznes planının həyata keçirilməsi üçün müəyyən edilmiş büdcə çərçivəsində zəruri avadanlıqla təmin ediləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri elektron formada competition.dairyproducts@gmail.com ünvanına təqdim etməlidir:
 
  1. Ərizə forması;
  2. Müsabiqəyə təqdim olunan maraq və əsaslandırma məktubu
  3. Müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  4. Layihənin icra olunacağı təsərrüfatla bağlı müvafiq sənədlər (icarə müqaviləsi, dövlət torpaq aktı).
  5. Ərizəçinin bu layihəni birgə maliyyələşdirmək imkanı (AZN).
Ərizəçilər tərəfindən göndərilən sənədlər Qiymətləndirmə Komissiyası tərəfindən baxılaraq qiymətləndiriləcəkdir. Qiymətləndirmə Komissiyasında Kənd Təsərrüfatı Nazirliyinin, Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və FAO- Azərbaycan ofisinin rəhbər vəzifəli şəxsləri və müstəqil ekspert təmsil olunacaqdır.
Müsabiqəyə sənədlərinin qəbulu 31 avqust 2023-cü il saat 18:00-a kimi davam edəcəkdir. Müəyyən edilmiş vaxtdan sonra təqdim olunan müraciətlər nəzərə alınmayacaq. 
Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar mütəmadi olaraq www.akia.gov.az rəsmi internet saytında yerləşdiriləcək.