AGRO NEWS

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Gədəbəydə vətəndaşları qəbul edib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev yanvarın 19-da, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditlərin verilməsi, heyvandarlıq təsərrüfatının inkişafı üçün güzəştlər, güzəştli şərtlərlə texnika alışı, əkin subsidiyası və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Daha sonra AKİA sədri yerli təsərrüfatlara baxış keçirib. Novosaratovka kəndində fermer Tağıyev Rafiqə məxsus heyvəndarlıq təsərrüfatında iribuynuzlu mal-qara, həmçinin əkin sahələrinin vəziyyəti ilə tanış olan Seymur Mövlayev fermerin ehtiyacları ilə maraqlanıb, ona dövlət tərəfindən göstərilə biləcək dəstəklər barədə məlumat verib.
Slavyanka kəndində Ələsgərov Akifə məxsus heyvandarlıq təsərrüfatda da olan AKİA sədri fermerə əlavə dövlət dəstəklərindən danışıb, ona köməklik göstərilməsi üçün yerində müvafiq tapşırıqlar verib.
Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.