Ən çox verilən suallar

Sual: Əkin subsidiyası nədir?

Cavab: Əkin subsidiyası - fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə verilir.

 

Sual: “Subsidiya” informasiya sistemi nədir?

Cavab: Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemidir.

 

Sual: Aqrar Subsidiya Şurası nədir?

Cavab: Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqandır.

 

Sual: Əkin subsidiyası hansı torpaqlarda aparılan əkinlərə və çoxillik əkmələrə görə verilir?

Cavab: Kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrində aparılan əkinlərə görə

 

Sual: Əkin subsidiyasına kimlər müraciət edə bilər?

Cavab: Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və EKTİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər.

 

Sual: Fermer EKTİS-də qeydiyyatdan necə keçməlidir?

Cavab: Fermerlər istifadələrində olan torpaq sahəsinə dair sənədləri və həyata keçirdikləri əkin barədə məlumatları www.eagro.az saytı vasitəsilə müstəqil olaraq və ya rayon (şəhər) Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), regional “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə həyata keçirə bilərlər.

 

Sual: Əkin subsidiyası necə müəyyən olunur?

Cavab: Aqrar Subsidiya Şurası hər il yanvarın 15-dək əkin subsidiyalarının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısını və onlara tətbiq edilən əkin əmsallarını təsdiq edir.

 

Sual: Əkin subsidiyasının məbləği necə hesablanır?

Cavab: Baza məbləği × əkin əmsalı = əkin subsidiyası

  • bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilmişdir.

  • əkin əmsalı – regionlar və bitkilər, vahid əkin sahələri, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla hər il Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilir.

 

Sual: Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əkin əmsalları ilə necə tanış olmaq olar?

Cavab: Aqrar Subsidiya Şurasının bitkiçilik sahəsində illər üzrə müəyyən etdiyi əkin əmsalları barədə ətraflı məlumatlar hər il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin www.akia.gov.az rəsmi internet səhifəsində yerləşdirilir.

 

Sual: Fermerlər əkin subsidiyasını almaq üçün hansı sənədləri və məlumatları EKTİS-ə daxil etməlidirlər?

Cavab: Proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti);

İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı);

Kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri;

Əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini;

kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri.

Sual: Əkin bəyanlarının və subsidiya müraciətlərinin müddətləri nə vaxtdır?

Cavab: Fermerlər tərəfindən payızlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət sentyabrın 1-dən başlayaraq dekabr ayının son iş gününədək, yazlıq əkinlər üzrə fevralın 1-dən başlayaraq iyun ayının 1-dək,  təkrar əkinlər üzrə iyunun 1-dən avqustun 31-dək müəyyən edilmişdir. Yeni əkilən və mövcud meyvə bağları və digər çoxillik bitkilər hər il payızlıq və ya yazlıq əkin bəyan dövrlərində bəyan edilir.

 

Sual: Monitorinqlər hansı qaydada keçirilir?

Cavab: Çarpaz – elektron bəyannamə məlumatlarının EKTİS-də olan digər məlumatlarla üzləşdirilməsi;

Yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin, habelə dincə qoyulmuş torpaq sahələrinin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi;

Yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, dincə qoyulmuş torpaq sahələrində DAİM və AKİA mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi.

 

Sual: Monitorinq nəticəsindən narazı qaldıqda fermer hansı qaydada etiraz edə bilər?

Cavab: Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermer 15 (on beş) gün müddətində EKTİS üzərindən etiraz edir. Etiraza əsasən fermerin iştirakı ilə Agentliyin və ya DAİM-in digər mütəxəssisləri tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir və nəticə aktlaşdırılaraq EKTİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir.

 

Sual: Bəyan edilmiş əkinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdidrilmiş məbləğdən çox olarsa əkin və dincə qoyulmuş torpaq subsidiyaları hansı qaydada verilir?

Cavab: fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir;

Fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır;

Fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir;

Fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir.

Sual: Fermer kartı nə zaman verilir?

Cavab: Fermerin bəyan etdiyi əkinlərə görə keçirilən monitorinqlərin nəticəsinə əsasən subsidiya hesablandıqdan sonra fermer kart hesabının açılması üçün Agentlik tərəfindən müvəkkil banka sifariş göndərilir və fermer müvəkkil bankın filialına müraciət etməklə fermer kartını əldə edir.

 

Sual: Əkin subsidiyası hansı qaydada verilir?

Cavab: Əkin subsidiyası fermer kart hesabına bağlı nağd və nağdsız hesablarına ödənilir.

 

Sual: Fermer kartına yüklənən vəsait necə istifadə olunur?

Cavab: əkin subsidiyasının 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin (mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid) satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, aqrotexniki xidmətlərdən istifadə edilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur.

 

Sual: Kooperativlərə əlavə subsidiya ödənilirmi?

Cavab: 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq edilir. Bu halda kooperativin sənədləri EKTİS-də daxil edilməlidir.

 

Sual: Əkin subsidiyası hansı qaydalarla tənzimlənir?

Cavab: Subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019‑cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na və həmin Qaydanın 2.1-ci bəndinə əsasən “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentə əsasən həyata keçirilir.

 

Sual: “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentlə necə tanış olmaq olar?

Cavab: Dövlət Xidmətləri Portalına (www.dxr.az) daxil olmaqla tanış olmaq olar.

 

Sual: Əkin subsidiyasının verilməsi üçün sığorta müqaviləsi hansı halda tələb olunur?

Cavab:Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundan sonra – sığortalanmalı olan bitkilər) siyahısı (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblər Aqrar Subsidiya Şurasının qərarı ilə təsdiqlənir.

Sual: Əkin subsidiyasının verilməsi üçün aqrokimyəvi azalizlər hansı halda tələb olunur?

Cavab: Aqrokimyəvi analizin aparılması "Torpaqların aqrokimyəvi analizlərinin aparılması xidməti"nə dair reqlamentə əsasən həyata keçirilir. Həmin reqlamentə əsasən bitkiçilik sahəsi üzrə subsidiya almaq üçün müraciət edən fermərlərə məxsus vahid sahədə yerləşməyən, ümumilikdə 3 ha və daha artıq olan, ayrı-ayrılıqda isə sahəsi 3 ha-dan aşağı olan əkin sahələrinin (konturlar) hər il ən azı biri üzrə torpaq analizi (tədqiqatı) aparılmalıdır.

 

Sual: Dincə qoyulmuş torpaq subsidiyası nədir?

Cavab: Əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 (bir) il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə verilən subsidiyadır.

 

Sual: Əkin subsidiyasının verilməsi üçün sertifikatlı toxumdan istifadə tələb olunurmu?

Cavab: Buğda üzrə cəmi əkin sahəsi 10 hektardan və ya arpa üzrə cəmi əkin sahəsi 100 hektardan artıq olan fermerlər tərəfindən sertifikatlı toxum istifadə edilmədikdə əkin əmsalı 0-a (sıfıra) bərabər qəbul edilir.

 

Sual: Məhsul subsidiyası nədir?

Cavab: Tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır.

 

Sual: Məhsul subsidiyası ilə bağlı hansı sənədləri  və məlumatları EKTİS-ə daxil etmək lazımdır?

Cavab: Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə fermerlə qabaqcadan bağladıqları müqavilələri, təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.

 

Sual: Məhsul  subdidiyası hansı qaydada hesablanır?

Cavab: Məhsul subsidiyası aşağıdakı qaydada hesablanır:

baza məbləği × məhsul əmsalı = məhsul subsidiyası

məhsul əmsalı – bəzi bitkilər üzrə məhsuldarlığın təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici.

Sual: Məhsul subsidiyası ilə bağlı aqrokimyəvi analizlərin verilməsi tələb olunur?

Cavab: Əkin aparılmamışdan əvvəl torpaqda aqrokimyəvi analiz aparılmalıdır. Aqrokimyəvi analizin aparılması "Torpaqların aqrokimyəvi analizlərinin aparılması xidməti"nə dair reqlamentə əsasən həyata keçirilir. Aqrokimyəvi analizin nəticəsinə dair sənədlər “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) “Laboratoriya” altsistemində formalaşır. Ərzaqlıq buğdaya görə məhsul subsidiyasının verilməsi üçün fermer torpaqların aqrokimyəvi analizi ilə yanaşı, suvarma suyunun analizinin həyata keçirilməsini də təmin etməlidir. Suvarma suyunun analizinin nəticəsi barədə sənəd EKTİS-də “icra planı” bölməsinə daxil edilir.

Sual: Toxum subsidiyası nədir?

Cavab: Ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiyadır.

Sual: Sertifikatlı toxum və ting nədir?

Cavab: “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyata alınmış, sort və səpin keyfiyyətləri barədə uyğunluq sertifikatı olan toxum və tinglər

Sual: Toxum subsidiyası hansı qaydada hesablanır?

Cavab: Toxum subsidiyası Şuranın müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir:

(Baza məbləği x toxum əmsalı) x fermerin subsidiyaya təqdim etdiyi toxum və ya tingin miqdarı x (kvota / subsidiyaya təqdim olunan toxum və tingin miqdarının cəmi) = toxum subsidiyası

toxum əmsalı – ölkədə istehsal edilən toxumun 1 kiloqramına və ya tingin 1 ədədinə görə subsidiya məbləğinin hesablanması üçün Şuranın müəyyən etdiyi göstərici.

Sual: Fermer kartına yüklənən vəsait hansı müddət ərzində istifadə oluna bilər?

Cavab: Təqvim ili ərzində fermerə ayrılan, lakin istifadə edilməyən əkin subsidiyası eyni il ərzində aparılan sonrakı əkinlər üçün istifadə edilə bilər. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.

 

Sual: Subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyət nəzərdə tutulurmu?

Cavab: Fermerlərin hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 (iki) il müddətinə subsidiya ödənilmir.