Sual: Heyvan subsidiyası nədir?
Cavab: Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova və balağa (camış balasına) görə verilən heyvan subsidiyasıdır.
Sual: Süni mayalandırma mütəxəssisi kimdir?
Cavab: Süni mayalanma üzrə ixtisasartırma və ya kadrların yenidən hazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) qeydiyyatdan keçmiş mütəxəssislərdir.
Sual : Hansı hallarda subsidiya verilməsi dayandırıla bilər?
Cavab: Fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;
Doğulan heyvan sağlam olmadıqda;
Süni mayalanma bu istiqamətdə ixtisasartırma və ya kadrların yenidən hazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və EKTİS-də qeydiyyatdan keçmiş mütəxəssislər tərəfindən həyata keçirilmədikdə;
Süni mayalanma məqsədilə yaradılmış və həmin mərkəzlərdə istehsal olunmuş, habelə EKTİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə idxal olunan heyvan toxumundan istifadə edilmədikdə;
Tələb olunan sənədlər və məlumatlar EKTİS-ə düzgün və ya vaxtında təqdim edilmədikdə
Sual: Heyvan subsidiyası almaq məqsədilə fermerlər qeydiyyatdan necə keçməlidir?
Cavab: Fermer EKTİS-də birbaşa olaraq “www.eagro.az” saytı vasitəsilə özü qeydiyyatdan keçə və ya xidmət yerinə (Regional “ASAN xidmət” mərkəzləri, KOB evləri) şəxsiyyət vəsiqəsi (şəxsiyyət vəsiqəsi üzərində olmadıqda fərdi identifikasiya nömrəsi (FİN kod) və ya şəxsiyyət vəsiqəsinin fotoşəkli, yaxud Elektron Hökumət İnformasiya Sistemində (“mygov” mobil tətbiqi) mövcud olan şəxsiyyət vəsiqəsi məlumatları əsasında), mobil telefonu ilə gələrək “Digital Login” vasitəsilə qeydiyyatdan keçə bilər.
Sual: Süni mayalanma nəticəsində doğulan buzova görə inəklərdə boğazlıq müddəti neçə gün olur?
Cavab: Süni mayalanma nəticəsində doğulan buzova görə inəklərdə boğazlıq müddəti təqribən 300 gün olur.
Sual: Süni mayalanma nəticəsində doğulan balağa (camış balası) görə camışlarda boğazlıq müddəti neçə gün olur?
Cavab: Süni mayalanma nəticəsində doğulan balağa (camış balası) görə camışlarda boğazlıq müddəti təqribən 325 gün olur.
Sual: Heyvan subsidiyasının ödənişləri fermerlərə hansı formada həyata keçirilir?
Cavab: Subsidiyaların ödənişi fermerlərin müvəkkil bankdakı kart hesablarına ödənilir. Heyvan subsidiyasının ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
Sual : Heyvanı süni mayalandırmaq üçün necə müraciət edilə bilər?
Cavab: Fermer heyvanı süni mayalandırmaq məqsədilə EKTİS-də qeydiyyata alınan SMM-i və mayalandırmaq istədiyi tarixi seçərək müraciət edir. Fermer ona ən yaxın SMM barədə məlumatı EKTİS-də şəxsi kabineti vasitəsilə, habelə DAİM və ya Nazirliyin “Çağrı” mərkəzinə (1652) müraciət etməklə əldə edə bilər.
Sual: Subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyət nəzərdə tutulurmu?
Cavab: Fermerlərin hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 (iki) il müddətinə subsidiya ödənilmir.
Sual: EKTİS-də qeydiyyatdan keçərək süni mayalanma nəticəsində doğulmuş buzova dair hansı məlumatlar olur?
Cavab: EKTİS-də fermer, SMM, Baytar mütəxəssis barədə, ana heyvanın mayalanma tarixi, buzovun doğum tarixi, buzovun identifikasiya nömrəsi, şəkli və s. barədə məlumatlar öz əksini tapır.
Sual: Heyvan subsidiyası üzrə “müraciət təsdiqlənib” statusuna keçmiş müraciətlərə görə ödəniş tapşırıqları AKİA tərəfindən neçə iş günü ərzində müvəkkil banka göndərilir?
Cavab: Heyvan subsidiyasına müraciətlər qəbul edildikdən sonra onlar “müraciət təsdiqlənib” statusuna keçir və 15 iş günü müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək “müraciət təsdiqlənib” statusunda olan müraciətlər üzrə heyvan subsidiyasının məbləği fermerlərin kart hesablarına köçürülür və bu barədə fermerlərə bank tərəfindən SMS vasitəsilə məlumatlar göndərilir.
Sual: Barama subsidiyası nədir?
Cavab: Ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə verilən subsidiyadır.
Sual: Yaş baramanın hər kiloqramına görə kümçü fermerə nə qədər subsidiya hesablanır?
Cavab: Barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 6 (altı) manat məbləğində barama subsidiyası verilir.
Sual: Barama subsidiyası almaq istəyən şəxs EKTİS-də qeydiyyatdan keçərkən hansı məlumatları təqdim etməlidir?
Cavab: Şəxs EKTİS-də birbaşa olaraq www.eagro.az saytı vasitəsilə kümxanası barədə (kümxananın tipi, inzibati ərazisi, sahəsi (m²) və mövcud tut ağaclarının sayı) məlumatları EKTİS-ə daxil etməklə özü qeydiyyatdan keçə və ya xidmət yerinə şəxsiyyət vəsiqəsi (şəxsiyyət vəsiqəsi üzərində olmadıqda fərdi identifikasiya nömrəsi (FİN kod) və ya şəxsiyyət vəsiqəsinin fotoşəkli, yaxud Elektron Hökumət İnformasiya Sistemində (“mygov” mobil tətbiqi) mövcud olan şəxsiyyət vəsiqəsi məlumatları əsasında)
Sual: Kümçü fermer aldığı dirildilmiş tut ipəkqurdları barədə məlumatları EKTİS-ə hansı tarixlər arasında daxil etməlidir?
Cavab: Kümçü fermer aldığı dirildilmiş tut ipəkqurdları barədə informasiyanı mövsümə müvafiq olaraq hər il 10 aprel – 15 may və 10 iyul-10 avqust tarixləri arasında EKTİS-ə daxil edir.
Sual: Tədarükçü yaş baramanın təhvil alınmasına dair sənədləri EKTİS-ə hansı tarixədək daxil etməlidir?
Cavab: Tədarükçü yaş baramanın təhvil alınmasına dair sənədləri yaz aylarında istehsal edilmiş barama ilə bağlı iyun ayının 30-dək, yay aylarında istehsal edilmiş barama ilə bağlı sentyabr ayının 30-dək EKTİS-ə daxil edir.
Sual: Kümçü fermer yaz və yay aylarında istehsal edilmiş barama ilə bağlı elektron bəyannaməni hansı tarixlər arasında təsdiq etməlidir?
Cavab: Kümçü fermer yaz aylarında istehsal edilmiş barama ilə bağlı 1-15 iyul, yay aylarında istehsal edilmiş barama ilə bağlı 1-15 oktyabr tarixləri arasında şəxsi kabinetində əks olunan elektron bəyannamədəki (ərizə) məlumatlarla razılaşırsa, subsidiyaya müraciətini təsdiq edir.
Sual: Barama subsidiya ödənişləri fermerlərə hansı formada həyata keçirilir?
Cavab: Subsidiyaları ödənişi fermerlərin müvəkkil bankdakı kart hesablarına ödənilir. Heyvan subsidiyasının ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
Sual: Barama subsidiyası üzrə “ödənişə hazırdır” statusunda olan müraciətlərə görə ödəniş tapşırıqları AKİA tərəfindən neçə iş günü ərzində müvəkkil banka göndərilir?
Cavab: Barama subsidiyasına müraciətlər qəbul edildikdən sonra onlar “ödənişə hazırdır” statusuna keçir və 15 iş günü müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək “ödənişə hazırdır” statusunda olan müraciətlər üzrə barama subsidiyasının məbləği kümçü fermerlərin kart hesablarına köçürülür və bu barədə onlara bank tərəfindən SMS vasitəsilə məlumatlar göndərilir.