Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib

2025-12-15

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib

Cari ilin 9 dekabr tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar AKİA əməkdaşları, eləcə də özəl sektor subyektləri üçün “İSO 37001:2025 - Rüşvətxorluğa qarşı idarəetmə sistemləri beynəlxalq standartının təbliği” mövzusunda təlim keçirilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamillinin təlimçi qismində iştirak etdiyi tədbirdə dinləyicilərə korrupsiyanın anlayışı və onun cəmiyyətə təsiri, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin rolu, bu sahədə qabaqcıl beynəlxalq təcrübə, özəl sektorda antikorrupsiya standartları, korrupsiyaya qarşı mübarizədə “İSO 37001” beynəlxalq standartının tətbiqinin əhəmiyyəti və digər aktual məsələlər tədris edilib.
Qarşılıqlı müzakirələr formatında baş tutmuş təlimin sonunda dinləyicilər tərəfindən verilmiş suallar təlimçi tərəfindən ətraflı şəkildə cavablandırılıb.