
Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti qurumlarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nümayəndəsi Dmitri Zviagintsev və Macarıstanın aqrar iqtisadiyyat üzrə beynəlxalq eksperti Szilard Keszthelyinin ölkəmizə səfəri çərçivəsində bir sıra işgüzar görüşlər keçirilib. Görüşlər “Azərbaycan üçün hərtərəfli təsərrüfat dayanıqlılığının ölçülməsi sisteminin işlənib-hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə texniki dəstək” layihəsi çərçivəsində təşkil olunub.
Sözügedən layihə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə irəli sürülüb. Layihənin əsas məqsədi Nazirliyin mövcud süni intellekt əsaslı xidmətlərinin inkişafının dəstəklənməsi, eləcə də fermer reytinq sisteminin daha təkmil və məlumat əsaslı mexanizmlər üzərində qurulmasına metodoloji və texniki dəstəyin təmin edilməsidir.
Missiya çərçivəsində layihə indikatorlarının dəqiqləşdirilməsi, dayanıqlılıq göstəricilərinin institusional sistemlərə inteqrasiyası, süni intellekt layihəsi üzrə mövcud həllərin inkişaf perspektivləri, həmçinin TapAgro platforması və Yonca mobil tətbiqinin potensialı müzakirə edilib. Eyni zamanda, Təsərrüfat Məlumatlarının Monitorinqi Sistemi (FDMS) və aqrar siyasət prioritetləri üzrə fikir mübadiləsi aparılıb, Macarıstanın kiçik fermer təsərrüfatlarının maliyyə dayanıqlılığının gücləndirilməsi sahəsində bank əsaslı pul axını modeli üzrə təcrübəsi təqdim olunub.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova ilə keçirilən görüşdə missiyanın ilkin nəticələri və gələcək fəaliyyət istiqamətləri müzakirə edilib. Görüşlərdə Nazirliyin, AKİA-nın və Aqrar Tədqiqatlar Mərkəzi nümayəndələri iştirak edib.
Missiyanın yekununda FAO nümayəndələri və beynəlxalq ekspertlə AKİA-nın rəhbər heyəti arasında yekun görüş keçirilib, layihənin icrası üzrə razılaşdırılmış istiqamətlər və növbəti mərhələlər müəyyən edilib.