AZ EN

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

2026-07-20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

Qəbul cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 20-də Kəlbəcərdə Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, işğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin icarəyə verilməsi, heyvandarlıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərə köçürülməsi, kənd təsərrüfatı təyinatlı kreditin ayrılması, subsidiyaların verilməsi, baytarlıq xidmətləri, suvarma və digər məsələlərlə bağlı olub.

Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşlarla görüş zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib. Dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyi vurğulanıb.