
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən Quba, Qusar və Xaçmaz rayonlarında mövcud olan təsərrüfatlara mediatur təşkil edilib. Səfər zamanı bu bölgədəki meyvə və fındıq bağlarına, həmçinin aqroturizm və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.
Mediatur zamanı AKİA-nın fəaliyyət istiqamətləri, kənd təsərrüfatı istehsalçılarına təqdim olunan dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Agentlik tərəfindən əkin, məhsul, toxum, barama və heyvandarlıq subsidiyaları, həmçinin kənd təsərrüfatı texnika və avadanlıqlarının, müasir suvarma sistemlərinin, soyuducu anbar komplekslərinin və damazlıq heyvanların güzəştli şərtlərlə əldə olunmasına dövlət dəstəyi göstərilir.
Qonaqlara bu dəstək mexanizmlərindən faydalanan nümunəvi təsərrüfatlarda yaradılmış infrastruktur, həyata keçirilən layihələrin səmərəliliyi, əldə olunan nəticələr, eləcə də aqrar sektorun dayanıqlı inkişafına xidmət edən perspektiv layihələr barədə ətraflı məlumat təqdim olunub.
Mediatur iştirakçıları əvvəlcə Quba rayonunun II Nügədi kəndində yerləşən "Kənd İnn" Aqroturizm Mərkəzi ilə tanış olublar. Mərkəzin direktoru Vüsal Şərifli təsərrüfatın fəaliyyəti, həyata keçirilən aqroturizm layihələri və kənd təsərrüfatı istehsalının inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, mərkəzdə salınmış intensiv alma bağlarının yaradılmasında dövlət dəstəyi mühüm rol oynayıb. Qeyd edilib ki, təsərrüfatda meyvəçiliklə yanaşı, atçılıq, heyvandarlıq, quşçuluq, balıqçılıq və tərəvəzçilik istiqamətləri üzrə də fəaliyyət göstərilir. Vurğulanıb ki, aqroturizm və kənd təsərrüfatı istehsalının inteqrasiyası bölgədə məşğulluğun artırılmasına, yerli istehsalın inkişafına və kənd turizminin genişlənməsinə töhfə verir.
Sonra Qusar rayonunda fəaliyyət göstərən “Aqrovest” MMC ilə tanışlıq olub. Şirkətin baş aqronomu Arif Qədimli bildirib ki, hər il becərilən meyvə bağlarından 9 min tona yaxın məhsul toplanır. Şirkətin şimal bölgəsində ümumilikdə 356 hektar sahədə meyvə bağları var. Bunların 170 hektarı alma, 43 hektarı armud, 67 hektarı gilas, 72 hektarı nektarin və şaftalı bağlarıdır. Yeni bağların salınmasında birdəfəyə məxsus əkin subsidiyasından, həmçinin müasir suvarma sisteminin maliyyələşməsi üçün 40%lik güzəştdən də istifadə olunub.
Mediatur iştirakçıları daha sonra soyuducu anbar kompleksi ilə tanış olublar. Kompleksin rəhbəri Nazir Qardaşov müəssisənin fəaliyyəti və məhsulların saxlanması üçün yaradılmış infrastruktur barədə ətraflı məlumat verib. Bildirilib ki, soyuducu anbar kompleksində 5 000 ton kənd təsərrüfatı məhsulunun keyfiyyətini qorumaqla saxlanılması üçün müasir şərait yaradılıb. Qeyd olunub ki, anbarda istifadə olunan şoklama və çeşidləmə avadanlıqları dövlətin 40 faiz güzəşt mexanizmi çərçivəsində əldə edilib. Vurğulanıb ki, bu dəstək istehsal və saxlanma prosesinin səmərəliliyinin artırılmasına, məhsul itkilərinin azaldılmasına və fermerlərin bazara daha keyfiyyətli məhsul çıxarmasına imkan yaradır.
Daha sonra media nümayəndələri şimal bölgəsində 600 hektardan çox fındıq bağı olan “Agrarco” MMC-nin təsərrüfatları ilə tanış olublar. Şirkətin baş aqronomu Şəmistan Novruzlu jurnalistlərə bildirib ki, müasir üsulla becərilən bu bağlarda fındığın yerli ata-baba və İtaliyadan gətirilən sortları becərilir. Qeyd olunub ki, təsərrüfatdakı yeni fındıq bağlarının salınması zamanı birdəfəyə məxsus əkin subsidiyasından və suvarma sistemi üçün dövlət güzəştindən də yararlanıblar.
Səfərin sonunda mediatur iştirakçıları Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən ölkədə yaradılmış ilk aqroparka baş çəkiblər. "Yalama Aqropark" MMC-nin istehsal rəhbəri Eldar Kərəmov bildirib ki, hazırda müəssisədə 2500 baş “Simmental” cins heyvan var. Müəssisədə illik ət istehsalı 110 ton, süd istehsalı isə 10 min ton təşkil edir. Eldar Kərəmov əlavə edib ki, dövlət dəstəyi təsərrüfatın inkişafında mühüm rol oynayıb: “Heyvanların alınmasına görə 60%, ferma avadanlıqları, pivot suvarma sistemləri və digər texniki vasitələr üzrə isə 40%-lik güzəştlərdən yararlanmışıq. Bu dəstək iri təsərrüfatların fəaliyyətini genişləndirməsinə, istehsal gücünü artırmasına və yeni investisiyalar həyata keçirməsinə ciddi stimul verir”.
Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət dəstəyi mexanizmlərindən istifadənin asanlaşdırılması və aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Agentlik eyni zamanda fermerlərin rifahının yüksəldilməsi, onların bilik və bacarıqlarının artırılması, maarifləndirilməsi, eləcə də müasir aqrar yanaşmaların tətbiqinin təşviqi məqsədilə müxtəlif layihələr həyata keçirir.