AZ EN

Bakıda III Beynəlxalq Aqro Biznes Forumu keçirilib

2026-10-09

Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), "Biznes TV" və "Agriconnect Türkiye"nin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə III Beynəlxalq Aqro Biznes Forumu keçirilib. Forumun əsas məqsədi müvafiq dövlət və özəl qurumların iştirakı ilə faydalı görüşlərin təşkili, aqrar sektorda fəaliyyət göstərən şirkətlər arasında yeni biznes əlaqələrinin qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Tədbirin əvvəlində "Biznes TV"-nin baş direktoru Nigar Ələsgərova, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və digər rəsmi şəxslər çıxış ediblər.

AKİA sədri Yalçın Camalov çıxışında forumun aqrar sahədə dövlət dəstəyi, özəl investisiyalar və maliyyə sektorunun imkanlarının ortaq inkişaf məqsədləri ətrafında birləşdirilməsi üçün mühüm platforma olduğunu qeyd edib. O həmçinin 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində sahibkarlığın inkişafını təşviq edən yeni qərarların qəbul olunduğunu, eləcə də dövlət dəstəyi mexanizmlərinin daha da genişləndirildiyini vurğulayıb:

“AKİA olaraq əsas məqsədimiz dövlət dəstəyinin dayanıqlı təsərrüfatların qurulmasına, yeni investisiyalara və fermerlərin gəlirlərinin artmasına töhfə verməkdir. Bunun üçün sahibkarlarla, maliyyə institutları və digər tərəfdaşlarla əməkdaşlığa xüsusi əhəmiyyət veririk”.

Forum öz işini panel müzakirələri ilə davam etdirib. “Aqrar sahədə dövlət dəstəyi və maliyyə imkanlarına çıxış” panelində çıxış edən AKİA-nın sədr müavini Elnur Musayev bildirib ki, ötən il agentliyin xətti ilə 7 565 texnika və avadanlığın alışı maliyyələşdirilib, bu istiqamətdə 94 milyon manat güzəşt vəsaiti ayrılıb. Cari ildə isə 7 006 texnika və avadanlığa 80 milyon manatdan çox güzəşt vəsaiti ödənilib. Bundan başqa, 5 574 baş damazlıq heyvanın alınmasına 21,3 milyon manat güzəşt dəstəyi göstərilib, cari ildə isə bu istiqamətdə 4 163 baş heyvana 17,3 milyon manat güzəşt verilib.

Daha sonra yeni dəstək mexanizmlərindən danışan Elnur Musayev Aqrar Subsidiya Şurasının son qərarında məhsuldarlıq, suya qənaət və bazar tələblərinin daha çox nəzərə alındığını diqqətə çatdırıb. Məsələn, buğda üzrə ixtisaslaşmış 22 rayonda müasir suvarma sistemlərinin tətbiq olunduğu buğda sahələri üçün hektara 400 manat subsidiya nəzərdə tutulur ki, bu da ənənəvi suvarma və dəmyə əkinləri üçün müəyyən edilmiş məbləğdən iki dəfə çoxdur.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Forum işini uğurla baş vurub.